Karcher 1

HƏR ZAMAN BİR ADDIM ÖNDƏ

Gələcəkdə də bu üstünlüyümüzü qorumaq üçün yeni həllərin yaradılması və mövcud həllərin təkmilləşdirilməsi üzərində durmadan işləyirik. Bunun səbəbi şirkətimizi innovasiyalar olmadan təsəvvür edə bilməməyimizdir. Bununla belə, innovasiyalar özlüyündə məqsəd deyil. Bu, onların bütün dünyada insanlara xeyir verməli, onların həyatını asanlaşdırmalı, daha gözəl və maraqlı etməli olduğuna inamın nəticəsidir. Bu, şirkətimizin 1935-ci ildə əsasının qoyulduğu andan məqsəd və öhdəliyimizdir.

Şirkətin təsisçisi Alfred Kerxer hər bir problemlə qarşılaşarkən yeni və daha mükəmməl həll yolu axtarmağa çalışırdı. Bu innovativ meyl bu gün də aktuallığını saxlamaqdadır. Hazırda 1000-dən çox əməkdaşımız tədqiqat və tərtibat işləri ilə davamlı şəkildə məşğul olur. Buna görə də, nail olduğumuz innovasiyalar təsadüf deyil və rəqəmlər özlüyündə hər şeyi göstərir: şirkətin portfelində 632 patent var, şirkətin təklif etdiyi məhsul çeşidinə isə yalnız 2018-ci ildə 110 yeni məhsul əlavə edilib. Üstəlik, hazırda reallaşdırıb bazara buraxdığımız məhsulların 90%-dən çoxu maksimum 5 il öncə tərtib edilib.

Qızdırıcı ventilyatordan “Connected Cleaning” konsepsiyasına qədər

İki beyin. İki ürək. Ortaq iş. İşinin aşiqi olan novator və tədqiqatçı Alfred Kerxer və enerjisi və effektivliyi ilə heyran edən sahibkar İrena Kerxer. Hər ikisi keçilməmiş yolları qət etməyə çalışırdı. Onlar təmizlik texnikası üzrə dünya lideri olmuş şirkətimizin əsasını qoydular.

1935-ci il: Şirkətin əsasının qoyulması

Alfred Kerxer atasının müəssisəsində 11 il işlədikdən sonra 1935-ci ildə Bad-Kannştatda (Ştutqart) öz müəssisəsinin əsasını qoydu. Bu, aviasiya mühərriklərinin qızdırılması üçün yeni istilik ventilyatorlarının hazırlanması ilə məşğul olan xüsusi tərəfdaşlıq idi. Konstruktor buna qədər iqtisadi cəhətdən səmərəli və təhlükəsiz sənaye sobalarının layihələndirilməsi ilə uğurla məşğul olmuşdu.

1939-1945-ci illər: Qızdırıcı texnikaya yüksək tələbat

Aviasiya daşımalarının inkişafı “Kärcher” innovativ qızdırıcı texnikasına artan tələbatın əsasını qoydu. Alfred Kerxer 1 iyun 1939-cu il tarixində 120 əməkdaşın işlədiyi müəssisəsini Vinnendendəki yeni zavoda köçürdü. Müharibənin başlamasından sonra müəssisə müdafiə sənayesi sahəsinə aid edildi və bu dövrdə döyüş təyyarələrinin kabinəsi üçün qızdırıcılar, habelə təyyarənin qanadları və quyruğunun buzdan təmizlənməsi üçün cihazların istehsalı ilə məşğul oldu. Vinnendendə Mercedes-Benz mühərrikləri üçün püskürtmə ucluqları və kiçik mühərriklərin qızdırılması üçün mobil cihazlar da yaradıldı.

1945-1948-ci illər: Fəaliyyətin 40 işçi ilə bərpa edilməsi

Müharibə başa çatdıqdan sonra müəssisə bir müddət vəkalətli idarəetmədə qaldı. Bu vaxt Alfred Kerxer şirkəti satmaq niyyətində idi, lakin sonra 40 işçi ilə istehsalı bərpa etmək qərarına gəldi. O dövrdə şirkət müharibədən sonrakı illərdə əhalinin xüsusilə ehtiyac duyduğu məhsullar istehsal edirdi: əvvəlcə arabalar və sobalar, sonra isə dağıdılmış şəhərlərdə beton binaların inşa edilməsi üçün qızdırılan taxta qəliblər, daxili məkanların qurudulması üçün qızdırıcı ventilyatorlar (eyni zamanda emalatxanalar, çadırlar və heyvandarlıq sahələrini qızdırmaq üçün də istifadə olunurdu). 1948-ci ildə işçilərin sayı yenidən artaraq 141 nəfərə çatdı.

1950-ci il: Təmizlik texnikası sahəsində fəaliyyətin başlaması

1950-ci ildə Alfred Kerxer Avropada ilk suyu isidən yüksək təzyiqli aparat (buxar püskürtmə aparatı “DS 350”) yaratmaqla təmizlik texnologiyası sahəsində əsl sıçrayışa nail oldu. Suyun isidilməsi texnologiyası o qədər mükəmməl idi ki, bu texnologiya yüksək təzyiqli aparatlar üçün qızdırıcıların istehsalında hələ də istifadə olunur. Bu aparat şirkətin gələcək uğurunun bünövrəsi oldu.

1959-cu il: Fəaliyyətin İrena Kerxerin rəhbərliyi altında davam etməsi

Alfred Kerxerin vəfatından sonra həyat yoldaşı istedadlı ixtiraçı və sahibkarın həyatı boyu qurduğu işi davam etdirdi. O, inanılmaz uzaqgörənlik nümayiş etdirərək şirkətin fəaliyyət istiqamətini təmizlik sahəsində əsas tələbatların qarşılanmasına dəyişdi. İrena Kerxer şirkətə uğurla rəhbərlik etməsinə görə fəxri mükafatla — Almaniyaya xidmətlərinə görə xaç ordeni ilə təltif edilib. O, eyni zamanda “Handelsblatt” qəzetinin «Şöhrət qalereyası»na daxil edilən ilk qadındır.

1962-ci il: Birinci xarici törəmə şirkətin əsasının qoyulması

“Kärcher” məhsulları 1930-cı illərdən başlayaraq Almaniyadan kənarda da yüksək tələbatla qarşılanırdı. Bu dövrdə ixrac mərkəzləşmiş qaydada Vinnendendən həyata keçirilirdi. 1962-ci ildə şirkətin Fransada ilk xarici satış şirkətinin əsasının qoyulması biznesin beynəlmiləlləşməsinin başlanğıcı oldu. Daha sonra Avstriya və İsveçrədə də törəmə şirkətlər yaradıldı.

1974-cü il: Yüksək təzyiqli texnikanın əsas istehsal istiqamətinə çevrilməsi

XX əsrin 70-ci illərinin əvvəli “Kärcher” şirkəti üçün dəyişikliklər dövrü oldu. Bu vaxt şirkətin dövriyyəsinə ciddi töhfə vermiş buxar generatorlarının dövrü demək olar ki, bitmişdi: 1974-cü ildə şirkətin rəhbərliyi cəsarətli addım ataraq şirkətin bütün gücünü yüksək təzyiqli peşəkar texnikanın istehsalına yönləndirməyə və bütün qalan qruplara aid məhsulların istehsalı və satışını dayandırmağa qərar verdi. Eyni zamanda texnikanın rəng tərtibatında da dəyişiklik edildi: mavi rəng hazırda “Kärcher” brendinin bütün dünyada məşhur olan sarı rəngi ilə əvəz edildi.

1975-ci il: Satış şirkətlərinin hesabına inkişaf

1975-ci ildə Braziliyada “Kärcher” şirkətinin Almaniyadan kənarda ilk zavodu açıldı. On il sonra isə şirkətin artıq Cənubi Amerika, Afrika və Avstraliya da daxil olmaqla, 16 törəmə şirkəti var idi.

1980-ci il: İsa Məsihin heykəlinin təmizlənməsi

“Kärcher” şirkəti 1980-ci ildə Rio-de-Janeyroda İsa Məsihin heykəlini təmizləməklə ümumdünya mədəni irs obyektlərinin saxlanılmasına töhfə verilməsi proqramının başlanğıcını qoydu. O vaxtdan 140-dan çox memarlıq obyekti və abidəsi təmizlənib. Həmin ildə istehsal strategiyasının əsas təmizlik işlərinin həyata keçirilməsi üçün məhsulların istehsalına yönləndirilməsi baş verdi. Məhsul çeşidi yeni strategiyaya uyğunlaşdırıldı. İlk növbədə bina və nəqliyyat vasitələrinin təmizlənməsi üçün avadanlıqların istehsalı təşkil edildi.

1984-cü il: İstehlakçı bazarına çıxış

1984-cü ildə “Kärcher” məişətdə istifadə üçün ilk portativ təzyiqli yuyucunu təqdim etdi.Aparatın «Peşəkarlar kimi siz də yüksək təzyiqlə yuyun!» şüarı ilk ildə 5000 alıcının diqqətini çəkdi. Ümumi satış həcmi 300 000 ədədi keçən innovativ “HD 555” aparatı şirkətin istehlakçı seqmentində uğurlu inkişafı üçün başlanğıc nöqtəsi oldu.

1986-cı il: İlk yuyucu-tozsoranın istehsalı

“Kärcher” 1986-cı ildə “BR 450” yuyucu-tozsoranını bazara təqdim etməklə peşəkar təmizlik sahəsində yeni standartları müəyyən etdi: aparatda istifadə edilmiş innovativ silindrik fırça texnologiyası hazırda dünya bazarında təklif edilən analoji maşınların yarısından çoxunda istifadə edilir. Yuyucu-tozsoranların yaradılması günümüzün ən vacib biznes sahələrindən birinin əsasını qoydu.

1988-ci il: İlk dəfə bütün qitələrdə

1988-ci ildə Yaponiyada yeni törəmə müəssisənin yaradılması ilə “Kärcher” bütün qitələrdə fəaliyyət göstərməyə başladı.

1996-cı il: Bələdiyyə texnikasının istehsalının başlaması

İlk süpürmə maşını “ICC 1” şirkətin bələdiyyə texnikası bazarında özünə yer tapmasına imkan verdi. Bunun ardınca nəm təmizlik, yaşıllıqlara qulluq və qarın təmizlənməsi üçün də münasib olan müxtəlif performans siniflərinə aid özüyeriyən şassilər yaradıldı.

1997-ci il: Almaniya Marketinq Mükafatı

1997-ci ildə “Kärcher” sahədə şirkətin iqtisadi uğurunu müəyyən edən ciddi nailiyyətlərinə görə ilk dəfə Almaniya Marketinq Mükafatına layiq görüldü.

1998-ci il: Müqəddəs Pyotr meydanında aksiya

Romada Müqəddəs Pyotr meydanının sütunlarının (284 travertin sütun və 88 pilyastr) təmizlənməsi işləri 9 ay davam etdi. Təmizlənmiş səthlərin ümumi sahəsi 25 min kvadratmetr təşkil edirdi. Mədəni irs obyektlərinin qorunması üçün sponsorluq proqramı çərçivəsində həyata keçirilən bu aksiya o dövrdə tarixin ən böyük aksiyası olub və Ginnesin Rekordlar Kitabına düşüb.

2003-cü il: Robotlaşdırmanın başlanğıcı

2003-cü ildə tamamilə yeni fəaliyyət sahəsinin əsası qoyuldu: bazara məişətdə istifadə üçün ilk tam avtonom robot-tozsoran “RC 3000” təqdim edildi.

2004-cü il: İlk rəqib şirkətlərin satın alınması

Cənubi Amerikada təmizlik texnikası istehsalı ilə məşğul olan iki rəqib şirkətin satın alınmasının sayəsində “Kärcher” yüksək təzyiqli yuma və tekstil döşəmə örtüklərinin təmizlənməsi üçün avadanlıq bazarında dünya liderinə çevrilə bildi. 2011-ci ildə isə şirkətin bələdiyyə və sənaye texnikası kimi ixtisaslaşmış sahələrdə imkanlarının genişləndirilməsinə istiqamətlənmiş yeni satınalmalar həyata keçirildi.

2005-ci il: “Kärcher Futuretech” şirkətinin yaradılması

Şirkətin hələ 1970-ci illərdə hərbi qüvvələr, sülhməramlılar və xilasetmə xidmətlərinin xüsusi sorğularının yerinə yetirilməsinə istiqamətlənmiş xüsusi şöbəsi yaradılmışdı. Sifarişlərin həcminin davamlı şəkildə artması və bu şöbənin genişlənməsi nəticəsində 2005-ci ildə əsas şirkətlə sıx əlaqələrini saxlayan müstəqil “Kärcher Futuretech” şirkəti yaradıldı.

2007-ci il: Bağ texnikasının istehsalının başlaması

“Kärcher” şirkətinin bağ texnikası sahəsində fəaliyyəti əsasən su vurulması ilə əlaqədardır. 2007-ci ildə bazara məişət təyinatlı 22 nasos modeli təqdim edildi. Şirkətin hazırkı məhsul çeşidi nasoslarla yanaşı, şlanqlar, tapançalarçiləyiciləravtomatik suvarma bloklarını da əhatə edir.

2007-ci il: Yüksək təzyiqli təmizliyin sinonimi

Fransız dilinin kiçik lüğətində (Le Petit Robert) «le karcher» anlayışı yüksək təzyiqli aparatla əlaqələndirilir. Sonradan alman dili lüğətində (Düden) «yüksək təzyiqlə təmizləmə» ifadəsi üçün «kärchern» feli istifadə edilməyə başlayıb.

2008-ci il: İlk şüşətəmizləyicinin bazara təqdim edilməsi

“Kärcher” şirkəti ilk şüşətəmizləyicisi “WV 50”ni bazara təqdim etməklə pəncərələrin yuyulması üçün xüsusi texnika çatışmazlığını aradan qaldırdı. Şüşətəmizləyicilər alıcıların böyük rəğbətini qazandı: bu günə kimi onları 21 milyondan çox insan alıb.

2011-ci il: Ekoloji təşəbbüs

2011-ci ildə bazara resurslara qənaət edən maşın və cihazların ilk seriyası çıxarıldı. Bu avadanlıq enerji və su istehlakının azaldılması ilə seçilir, təkrar emal edilmiş materiallardan istifadə etməklə istehsal olunur və avadanlıq hissələrinin ən az 90%-i təkrar emal edilə bilər.

2011-ci il: “SOS-Kinderdorf” ilə əməkdaşlıq

“Kärcher” 2011-ci ildən başlayaraq SOS-Kinderdorf xeyriyyə təşkilatının uşaq kəndlərinə maliyyə yardımı göstərir, onları təmizlik avadanlığı və təmizlik avadanlığının istifadəsi ilə əlaqədar konsultasiya ilə ödənişsiz təmin edir. Bu əməkdaşlıq bütün dünyada bir çox imkansız uşaq və yeniyetmənin rahat evlərinin olmasına kömək edir.

2011-ci il: Təmizlik texnikasının çeşidinin genişləndirilməsi

2011-ci ildə Qazaxıstanda “Kärcher” şirkətinin 50-ci törəmə satış şirkəti fəaliyyətə başladı. Elə həmin il “Kärcher” bir neçə başqa şirkəti də satın aldı: “Belos” (bələdiyyə texnikası), Ringler (sənaye tozsoranları) və“WOMA (ultra-yüksək təzyiqli texnologiyalar). Bu şirkətlərin xüsusi həlləri bələdiyyə xidmətləri, sənaye müəssisələri və tikinti təşkilatlarına təklif olunan məhsulların çeşidinin genişlənməsinə təkan verdi.

2013-cü il: Sarı rəngin antrasit-qara rənglə əvəz edilməsi

Daha bir korporativ rəng dəyişikliyi: peşəkar məişət texnikası 2013-cü ildən başlayaraq antrasit-qara rəngli dizaynda təklif edilir. Bu, peşəkar texnikanı adi sarı rəngini saxlayan məişət cihazlarından fərqləndirməyə kömək edir. Bundan başqa, bu rəng gözəçarpan deyil və onun fonunda çirklənmə daha az nəzərə çarpır.

2015-ci il: Yeni korporativ dizayn və 500 Kerxer Mərkəzi

2015-ci ildə “Kärcher” brendinin güc, müasirlik və barışmazlıq kimi keyfiyyətlərini vurğulayan yeni korporativ dizaynı işlənib hazırlanıb. Loqoda daha müasir şriftdən istifadə edilib və onu kompüter və mobil cihazların ekranlarından oxumaq daha asan olub. Elə həmin il Sayqonda (Vyetnam) 500-cü Kerxer Mərkəzi qapılarını istehlakçıların üzünə açdı.

2016-cı il: Connected Cleaning

Connected Cleaning konsepsiyası “Kärcher Fleet” donanma idarəetmə sistemini və “Kärcher Manage” təmizləmə prosesi üçün idarəetmə sistemini özündə birləşdirdi. Eyni proqram təminatına əsaslanan və bir-birini effektiv şəkildə tamamlayan bu məhsullar bütün peşəkar təmizlik prosesləri və infrastrukturunu — əllə həyata keçirilən əməliyyatlar, avadanlıqlar, obyektlər, istehsalın planlaşdırılması, hesabatlılıq və xidməti vahid infrastrukturda birləşdirməyə imkan verir.

2017-ci il: Brendin öz İT şirkəti

2017-ci ildə “Kärcher” mərkəzi ofisləri Ştutqart, Berlin və Lissabonda yerləşən, rəqəmsal həllər, bulud transformasiyası və elektrik texnikasının tərtibatına istiqamətlənmiş IT-konsaltinq şirkəti “Zoi TechCon GmbH”ni yaratdı.

2018-ci il: Marketinq sahəsində ikinci mükafat

2018-ci ildə “Kärcher” ikinci dəfə Almaniya Marketinq Mükafatına layiq görüldü — mükafatın eyni şirkətə ikinci dəfə verilməsi ilk dəfə baş verirdi. Beləliklə, brendin son 10 ildə nüfuzunun gücləndirilməsi istiqamətində aparılan uğurlu işlər layiqincə qiymətləndirildi. Həlledici arqumentlər arasında şirkətin inteqrasiya olunmuş marketinq konsepsiyası və müvafiq marketinq alətləri və texnologiyalarından istifadə var idi.

2018-ci il: Rekord dövriyyə

“Alfred Kärcher SE & Co. KG” şirkəti 2018-ci ildə 2,525 milyard avro ilə tarixinin rekord dövriyyəsinə nail oldu. Dünyanın 70 ölkəsində fəaliyyət göstərən 120 şirkətdə çalışan işçilərin sayı ilk dəfə 13 mini keçib. 50 000-dən çox satış və xidmət şirkəti bütün dünyada fasiləsiz müştəri xidmətinə zəmanət verir.

2019-cu il: Gələcəyə investisiya qoyuluşları

Berlində “SoniQ Services” startap şirkətinin satın alınması “Kärcher” şirkətinin rəqəmsal həllər sahəsindəki mövqeyini gücləndirdi. “SQ ONE” proqram platforması təmizlik şirkətlərinə bütün texnoloji proseslərə rəqəmsal formada nəzarət etmək və onları daha səmərəli idarə etmək imkanı verir.